“Formula 1” üzrə Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov 2019-cu ildə Bakı mərhələsinin Mayami ilə əvəzlənəcəyinə dair yayılan şayiələri təkzib edib.
Öncə məlumat verilib ki, “Formula 1” rəhbərliyi Myamidə trasın yaradılması üzərində işləyir və Azərbaycan Qran Prisi əvəzinə yarış ABŞ-da keçirilə bilər.
“Bizim 2020-ci ilə qədər müqaviləmiz var. Bu sözləşməyə yalnız qarşılıqlı razılaşma əsasında xitam vermək olar. Biz bunu etməyə hazırlaşmırıq və “Formula 1” tərəfindən bu istiqamətdə heç bir hərəkət görmürəm”, - F1Today A.Rəhimovun sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, qeyri-müəyyən vəziyyət iyun ayında aydınlaşacaq. Gələn ay 2019-cu ilin təqviminin ilk layihəsi dərc olunacaq. “Gələn mövsüm üçün təqvimi görəndən sonra bütün şayiələrə son qoyulacaq”, - “Baku City Circuit” Əməliyyat Şirkətinin icraçı direktoru əlavə edib.
Öncə verilən məlumata əsasən, iyun ayınadək Azərbaycan Qran Prisinin promouterləri FOM ilə müqavilə müddətinin 2025-ci ilədəkuzadılması ilə bağlı qərar verməlidirlər. **
A.Əzizov