Azərbaycanın xarici siyasətinin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir.Bunu prezident İlham Əliyev deyib.
«Xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz prinsipial mövqeyimizdən bir addım geri dönmürük və dönməyəcəyik. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bizim tarixi torpağımızdır. Beynəlxalq hüququn normaları da bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqləyir və bu məsələ ilə bağlı mötəbər beynəlxalq təşkilatların bir çox qərar və qətnamələri vardır”, - deyə dövlət başçısı mayın 26-da ADA Universitetində keçirilən məzun günündə bildirib.
Onun sözlərinə görə, bugünkü dünyada beynəlxalq hüquq heç də hər zaman işləmir. “Son vaxtlar ümumiyyətlə işləmir. Bu, reallıqdır. Biz real dünyada yaşayırıq və əlbəttə ki, öz siyasətimizi dünyada mövcud olan real vəziyyətə uyğunlaşdırmalıyıq. Ona görə, əlbəttə, biz bundan sonra da həm iqtisadi sahədə, həm ordu quruculuğu sahəsində və digər sahələrdə öz gücümüzü artıraraq münaqişənin həllini yaxınlaşdırmalıyıq”, – deyə prezident qeyd edib.
İ.Əliyev hesab edir ki, bu gün dünyada güc amili ön plana çıxır. “Biz bunu demək olar ki, hər gün görürük. Əlbəttə, biz bu istiqamətdə öz addımlarımızı atmışıq və atacağıq. Son illər ərzində ordu quruculuğuna ayırdığımız diqqət və qoyduğumuz vəsait bir daha göstərir ki, biz düzgün yoldayıq və bu yolu davam etdirəcəyik”, - deyə o vurğulayıb.
Prezident əlavə edib ki, Ermənistandan başqa Azərbaycanın heç bir ölkə ilə heç bir problemi yoxdur. “Azərbaycan regional əməkdaşlıq formatında çox fəal çalışır. Biz regional əməkdaşlıq formatlarının yaradılmasına çalışmışıq və demək olar ki, buna nail ola bilmişik. Bizim təşəbbüsümüzlə hazırda bölgədə dörd üç və dördtərəfli regional əməkdaşlıq formatı mövcuddur. Biz bu əməkdaşlıq formatlarının təşəbbüskarı olmuşuq. Onların çox praktiki mənası var. Bu əməkdaşlıq bu formatlarda iştirak edən bütün ölkələr üçün faydalıdır. Biz bu işi davam etdirəcəyik. Biz bu bölgədə yaşayırıq və əlbəttə, bölgədə sülhün, sabitliyin təmin edilməsi, o cümlədən beynəlxalq əməkdaşlıqdan asılıdır. İşğalçı Ermənistandan başqa bizim heç bir ölkə ilə heç bir problemimiz yoxdur”, - deyə İ.Əliyev bildirib.*