Kənardan Azərbaycanın siyasətibə təsir etmə imkanları sıfıra bərabərdir. Bunu Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda bəyan edib.
Dövlət başçısı qeyd edib ki, 2003-cü ildən sonra Azərbaycanın dinamik inkişafı təmin edilib. “Biz güclü, qüdrətli dövlət qura bilmişik. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir. Bu gün dünya xəritəsində belə ölkələrin sayı o qədər də çox deyil. Biz tam müstəqil siyasət aparırıq. Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur. Azərbaycan xalqının maraqları bizim siyasətimizin mənbəyidir, onun əsasıdır. Kənardan bizim siyasətimizə təsir etmə imkanları sıfıra bərabərdir”, - prezident deyib.
Onun sözlərinə görə, belə cəhdlər də yoxdur. Ona görə ki, Azərbaycan prinsipial siyasət aparırıq. “Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir və müdafiə olunur. Xalq-iqtidar vəhdəti bizim uğurlarımızın əsas səbəbidir”, - İ.Əliyev bəyan edib.
Prezident vurğulayıb ki, Azərbaycan bu gün beynəlxalq arenada öz mövqelərini gücləndirir, beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir.
“Bizimlə əməkdaşlıq edən ölkələrin sayı getdikcə artır. Biz dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik. Gələn il biz BMT-dən sonra ikinci böyük təşkilata – Qoşulmama Hərəkatına sədrlik etməyə başlayacağıq. Biz bütün digər aparıcı beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq edirik. Bəzi təşkilatların üzvüyük, bəzi təşkilatlarla əməkdaşlıq çərçivəsində fəaliyyət göstəririk. Dünya birliyi Azərbaycana böyük hörmətlə, böyük rəğbətlə yanaşır. Bu gün dünyanın siyasi xəritəsində Azərbaycanın yeri çox möhkəmdir”, - İ.Əliyev bildirib. **
B.Rüstəmbəyov