Prezidenti Ilham Əliyev çərşənbə axşamı Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzrdə tutan Cənub Qaz Dəhlizini istifadəyə verdi. Dövlət başçısı kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Cənub Qaz Dəhlizinə ilk qazın vurulması Səngəçal terminalında baş tutub.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri $40 mlrd.-dan artıq qiymətləndirilir.
Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. **
F.İsazadə