Azərbaycanın gömrük orqanları əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan külli miqdarda zərgərlik məmulatının ölkəyə gətirilməsinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
“Türkiyədən yük gətirən Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes-Benz Actros” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücünün üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı, vətəndaşın gödəkçəsinin ciblərində əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan 355 ədəd zərgərlik məmulatı aşkar olunub”, - məlumatda deyilir.
Zərgərlik məmulatı arasında 64 cüt sırğa, 55 ədəd bilərzik, 8 ədəd üzük, 34 ədəd sancaq, 2 ədəd sırğa, kulon və üzük dəsti, 62 ədəd kulon və 130 ədəd boyunbağı olub. **
N.Abbasova