Mayın 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda perspektiv strukturların işlənməsi haqqında 2 müqavilə imzalayıb.
Xüsusilə “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında saziş imzalanıb.
Bundan başqa, “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) haqqında saziş imzalanıb.
Sazişləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Equinor” qrupunun yataqların kəşfiyyatı üzrə icraçı vitse-prezidenti Tim Dodson imzalayıblar.
SOCAR-ın məlumatında deyilir ki, “Qarabağ” yatağında kəşfiyyat qazması cari ildə planlaşdırılır. Hazırkı Risk Xidməti Sazişinə əsasən, yataqda platformanın quraşdırılması və ilk hasilat 2021-ci ildə nəzərdə tutulur.
"Bu gün imzalanan sazişlər Azərbaycanda neft hasilatının stabilləşməsi və ölkədə təbii qaza artan tələbatın qarşılanması baxımından, o cümlədən emal sənayesinin xammal ilə təchiz edilməsi üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə R.Abdullayev qeyd edib.
“Yataqlar bizim yaxşı tanıdığımız bir hövzədə AÇG yatağının yaxınlığında yerləşir. Biz SOCAR ilə birlikdə bu yeni kəşfiyyat layihələri üzrə işləməyi planlaşdırırıq”, - deyə “Equinor” qrupunun prezidenti və baş icraçı direktoru Eldar Saetre bildirib.
Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq.*
N.Abbasova