Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 0,5 kq çəkidə zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
“İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Həmin şəxs üzərində 1 ədəd sırğa-üzük-kulon dəsti, 2 ədəd boyunbağı, 3 ədəd üzük, 2 ədəd qolbaq olduğunu bildirib və gömrük nəzarətinə bundan başqa bəyan olunası əşyanın olmadığını söyləyib”, - məlumatda deyilir.
Lakin yoxlama zamanı, vətəndaşın üzərində - şalvarının qabaq yuxarı hissəsinə iç tərəfdən alt paltarla bərkidilmiş bir ədəd sellofan büküm aşkar edilib. Həmin bükümün içərisində isə bəzilərinin üzərində qaşlar olan 28 ədəd qolbaq, 28 ədəd boyunbağı, 7 ədəd üzük, 43 cüt sırğa, 1 ədəd sırğa-üzük-kulon dəsti və 12 ədəd sırğa-üzük dəsti aşkarlanıb.
“Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 486,88 qram olan 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır”, - əlumatda vurğulanır.
Faktla bağlı araşdırma aparılır. **
F.İsazadə