Prezident İlham Əliyev ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinkin bu gün Bakıda keçirilən görüşündə regional əməkdaşlıq və demokratiyanın inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Söhbət zamanı Azərbaycanın beynəlxalq terrorizmlə mübarizəyə töhfəsi, o cümlədən Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakı yüksək qiymətləndirilib, energetika sahəsində əlaqələr, regional əməkdaşlıq və demokratiyanın inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
Prezident İ.Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qeyd edib ki, Azərbaycanın mövqeyi bu münaqişənin tezliklə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən ibarətdir.
Görüşdə Cənub Qaz Dəhlizinin rəsmi açılışının əhəmiyyəti vurğulanaraq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında getdikcə artan rolu xüsusi qeyd edilib.
"Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi qeyd olunub”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə