Milli Məclisin bu gün keçirilən plenar iclasında 2017-ci il dövlət büdcəsinin 1 mlrd. 78 mln. manat və ya ÜDM-nin 15,5%-i səviyyəsində kəsirlə icrası təsdiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
2017-ci ildə dövlət büdcəsinin gəlirləri 16 mlrd. 517 mln. manat təşkil edib və 98,5% icra olunub. Büdcənin qeyri-neft gəlirləri 8 mlrd. 633 mln. manat və ya bütün büdcə gəlirlərinin 52,3%-ni təşkil edib.
Ötən il dövlət büdcəsinin gəlirləri strukturunda 6 mlrd. 974 mln. manat Vergilər Nazirliyi, 2 mlrd. 609 mln. manat Dövlət Gömrük Komitəsinin xətti ilə daxil olub, 6 mlrd. 100 mln. manat Dövlət Neft Fondundan transfertlərin, 250 mln. manat Mərkəzi Bankın mənfəəti, qalanı digər gəlirlərin payına düşüb.
2017-ci ildə dövlət büdcəsinin xərcləri 17 mlrd. 595 mln. manat təşkil edib və 98,1% icra olunub.
Xərclərin strukturunda 10 mlrd. 906 mln. manat (bütün xərclərin 62%-i) cari, 5 mlrd. 175 mln. manat (29,4%-i) əsaslı xərclərin, qalanı dövlət borcuna xidmət göstərilməsinin payına düşüb.
2017-ci ildə dövlət büdcəsinin bütün xərclərinin 15,9%-i (2 mlrd. 804 mln. manat) müdafiə sahəsinə yönəldilib.
Ötən il 70 mln. manat müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılmasına, 36 mln. manat icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsinə, 150 mln. manat sosial ipoteka və sosial mənzil tikintisinə yönəldilib, 546 mln. manat Əmanətlərin Sığortalanması Fonduna (ADİF) köçürülüb.*
A.Əzizov