SOCAR şirkəti (ARDNŞ) 2020-ci ilin sonuna kimi “Azərneftyağ” neft emalı zavodundakı ELOU-AVT qurğusunun Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna (BNEZ) köçürülməsini yekunlaşdırmağı planlaşdırır. Bu barədə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov bu gün jurnalistlərə bildirib.
“Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma proqramı çərçivəsində neftin ilkin emalı (ELOU-AVT) qurğusunun “Azərneftyağ” neft emalı zavodundan köçürülməsi nəzərdə tutulur. Bu proqramın 2021-ci ilin I rübündə başa çatmasını nəzərə alaraq, qurğunun köçürülməsi 2020-ci ilin sonunadək yekunlaşmalıdır. Bundan sonra sazlama və işə salma həyata keçiriləcək”, - D.Məmmədov qeyd edib.
ELOU-AVT qurğusunun illik məhsuldarlığı 2 mln. ton təşkil edir.
O həmçinin xatırladıb ki, 2018-ci ilin sentyabr ayında BNEZ-də bitum istehsalı qurğusu istismara veriləcək.
Xəbər verildiyi kimi, H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi ümumilikdə 3 mərhələdə həyata keçiriləcək və 14 qurğunun tikintisini nəzərdə tutur. Layihə $2,2 mlrd. səviyyəsində qiymətləndirilir.
BNEZ-in yenidənqurulmasının birinci mərhələsi 2018-ci ildə başa çatacaq. Nəticədə, yeni bitum qurğusu, ümumi zavod təsərrüfatı qurğuları və yeni LPG məntəqəsi istifadəyə veriləcək.
2020-ci ilin sonunda BNEZ-in yenidənqurulmasının ikinci mərhələsinin yekununda “Avro-5” standartları üzrə dizel yanacağının istehsalı, üçüncü mərhələnin yekunları üzrə - “Avro-5” standartları üzrə Aİ 92/95/98 markalı avtomobil benzininin istehsalı təşkil olunacaq.
Tam həcmdə zavodun modernləşdirilməsi 2021-ci ildə başa çatacaq. Bu layihə nəticəsində neft emalı üzrə zavodun gücü 6 mln.-dan 7,5-8 mln. tonadək artacaq. **
N.Abbasova