Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger Cənub Qaz Dəhlizinin açılışını çox mühüm hadisə kimi dəyərləndirir.
Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı G.Ottingeri qəbul edib.
“Cənub Qaz Dəhlizinin açılışının əhəmiyyətinə toxunan G.Ottinger bunu çox mühüm hadisə kimi dəyərləndirdi və bu dəhlizin Azərbaycanın və regionun Avropa ilə birləşdirilməsi baxımından önəmini qeyd etdi”, - Azərbaycan prezidentinin saytında məlumat verilir.
G.Ottingerin sözlərinə görə, Cənub Qaz Dəhlizi qlobal əhəmiyyət daşıyır və bu dəhlizin reallaşması, öz növbəsində, Azərbaycanda və regionda nəqliyyat, kənd təsərrüfatı, İKT və turizm sahələrinin inkişafına təkan verəcək.
O qeyd edib ki, Avropa Komissiyası Azərbaycanın bundan sonra da Avropa İttifaqını dünyanın digər regionları ilə əlaqələndirəcək qlobal və regional layihələrini dəstəkləyəcək.
Görüş zamanı həmsöhbətlər Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı danışıqların yaxın zamanlarda uğurla başa çatacağınaümidvar olduqlarını bildiriblər. **
F.İsazadə