2018-ci il yanvarın 1-nə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) aktivləri 991 mln. 445,642 min manat təşkil edir ki, bu da 2017-ci ilin əvvəlinə olan göstəricidən 11,3 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Fondun 2017-ci ilə dair maliyyə hesabatına əsasən aktivlərin artımı hesabat ilində 789 mln. 152,491 min manatlıq dövlət veksellərinin buraxılması ilə əlaqədardır.
Bundan başqa, aktivlərin strukturunda pul vəsaitləri və onların ekvivalentləri 130 mln. 357,091 min manat (artım 2,7 dəfə) təşkil edir, qalan məbləğ digər aktivlərin payına düşür.
2018-ci ilin əvvəlinə fondun öhdəlikləri 85 mln. 676,929 min manat (azalma 6,9 dəfə) təşkil edib. 2017-ci ilin sonuna öhdəliklərin strukturunda 10 mln. 153,5 min manat fondun qısamüddətli kredit və borclarının (2016-cı ilin sonuna 526 mln. 733,332 min manat) payına düşüb.
2017-ci ilin sonuna öhdəliklərin strukturunda kompensasiya ödənişləri üzrə öhdəliklər 72 mln. 61,579 min manat (artım 2,6 dəfə) məbləğində qiymətləndirilir, qalan məbləğ digər öhdəliklərin payına düşür.
1 yanvar 2018-ci il tarixinə ADİF-in sığorta ehtiyatlarının mənfi qiyməti 427 mln. 934,176 min manata bərabər olub (2016-cı ilin sonuna 507 mln. 456,284 min manat).
Ötən ilin sonuna fondun ödənilmiş kapitalı 1 mlrd. 333 mln. 702,889 min manat məbləğində qiymətləndirilir.
ADIF 2007-ci ildə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.*
A.Əzizov