Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə xəttinin müxtəlif istiqamətlərində yerləşən ön xətt bölmələrində olublar.
“Z.Həsənov hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib”, - nazirliyin məlumatında deyilir.
Hərbi birliklərin komandanlıqları ilə keçirilən müşavirələrdə müdafiə naziri Azərbaycan Ordusunun silahlanmasına yeni daxil edilən hərbi texnikanın müasir tələblərə tam cavab verdiyini vurğulayıb.
“Müxtəlif silah növlərinin alınması prosesi bundan sonra da davam edəcək”, - məlumatda Z.Həsənovun sözlərindən sitat gətirilir.
Nazir düşmənin istənilən təxribatının qarşısının dərhal alınması ilə bağlı müvafiq göstərişlər verib.
“Hərbi qulluqçular Z.Həsənova müraciət edərək işğal altında olan torpaqların tezliklə azad edilməsinə hər an hazır olduqlarını bildiriblər”, - məlumatda vurğulanır. **
F.İsazadə