İyun ayında Vyanada keçiriləcək OPEC və OPEC+ nazirlər görüşü zamanı bir sıra ölkələr neft hasilatının azalması üzrə kvotanın təkrar baxılmasını təklif edə bilərlər. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
“Öncədən görüşün gedişatını müəyyən etmək çətindir, lakin neftin qiymətinin kifayət qədər yüksək olduğunu nəzərə alaraq, güman etmək olar ki, müəyyən dövlətlər sazişin şərtlərinin yüngülləşdirilməsi, neft hasilatının azalması üzrə kvotanın dəyişilməsi məsələsinə baxmaq təşəbbüsü ilə çıxış edə bilərlər. Bu məsələ görüş zamanı və ya iclas ərəfəsində həll olunacaq”, - P.Şahbazov CBC telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycan dünya bazarlarında neftin qiyməti ilə bağlı vəziyyətin inkişafını daima izləyir.
“Neftin qiyməti artıb, bu həm də beynəlxalq arenada baş verən siyasi hadisələrlə izah olunur. Bu səbəbdən, bu səviyyədə neftin qiymətinin tam sabitləşməsi barədə danışmağa dəyməz. Məsılə kifayət dərəcədə mürəkkəbdir və iyun ayında OPEC-in mənzil-qərargahnda keçiriləcək görüşün məqsədi bu problemin ətraflı müzakirəsi, onun tam təhlili və müvafiq qərarların qəbuludur”, - nazir əlavə edib.
Xəbər verildiyi kimi, 21-23 iyun tarixlərində Vyanada OPEC Nazirlər Şurası keçiriləcək. **
N.Abbasova