SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2018-ci ilin yanvar-may aylarında Bakı-Novorossiysk neft kəməri ilə 478,9 min ton neft ixrac edib. Bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsi məlumat verib.
“Transneft” şirkətinin sistemi üzrə 2018-ci ilin yanvar-may aylarında Azərbaycandan Novorossiysk limanına 478,9 min ton, o cümlədən mayda 80 min ton neft nəql olunub”, - deyə məlumatda bildirilir.
İdarənin məlumatına əsasən 2017-ci ilin yanvar-may aylarında Bakı-Novorossiysk kəməri ilə 573,8 min ton Azərbaycan nefti nəql olunub. Beləliklə, 2018-ci ilin yanvar-may aylarında “şimal” kəməri ilə Azərbaycan neftinin ixracı 16,6% azalıb.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəyə istinadən verilən məlumata görə, SOCAR və “Transneft” 2018-ci ildə Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin ixracına dair müqavilə imzalayıb. Cari ildə bu marşrutla 1,3-1,5 mln. ton neftin ixrac olunması planlaşdırılır.*
N.Abbasova