Prezident İlham Əliyev İran prezidenti Həsən Ruhani ilə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edir. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
İ.Əliyev iyunun 4-də İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezini qəbul edib.
“Dövlət başçısı görüşdə qeyd edib ki, H.Ruhani ilə əldə edilmiş razılaşmalar qarşılıqlı səylərlə icra olunur”, - deyə məlumatda bildirilir.
Onun fikrincə, M.Vaezinin Azərbaycana səfəri əməkdaşlığımızın perspektivləri, əlaqələrimizin daha da möhkəmləndirilməsi ilə bağlı qarşıda duran vəzifələrin həllinin müzakirəsi üçün yaxşı imkan yaradacaq.
M.Vaezi H.Ruhaninin Azərbaycana səfərinin və səfər zamanı əldə edilmiş razılaşmaların səmərəliliyini qeyd edib. O deyib ki, Azərbaycan ilə İran arasında keçid məntəqəsi 24 saatlıq iş rejimində çalışır, Azərbaycanda avtomobil istehsalı zavodu fəaliyyətə başlayıb, Azərbaycandan İrana enerji ixracı həyata keçirilir. Nəqliyyat sahəsində əməkdaşlıq durmadan genişlənir.
“Söhbət zamanı humanitar-mədəni əlaqələrin və turizm sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub”, - deyə məlumatda vurğulanır.*
A.Əzizov