Son 5 il ərzində Avropa İttifaqı (Aİ) ölkələrinin şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları $15,3 mlrd. məbləğində qiymətləndirilir. Bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
"2017-ci ilin yekunları üzrə Azərbaycan və Aİ arasında ticarət dövriyyəsi $9,4 mlrd. təşkil edib. 2018-ci ilin 4 ayının yekunları üzrə ticarət dövriyyəsində 15% - $3,7 mlrd.-dək artım müşahidə olunur. Son 5 il ərzində Avropa şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına $15,3 mlrd. məbləğində sərmayə qoyulub", - deyə o, bu gün Bakıda Azərbaycan-Aİ biznes forumunda bildirib.
R.Məmmədovun sözlərinə görə, hazırda Azərbaycanda Aİ ölkələrindən 1,5 min şirkət fəaliyyət göstərir.
Nazir müavini vurğulayıb ki, cari ilin yanvar-aprel aylarında ölkədə kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3,5% artıb, turizm sektorunda artım 7,3% təşkil edib.
I rübdə Azərbaycanın valyuta ehtiyatları $2,1 mlrd. artaraq $44 mlrd.-a çatıb.
R.Məmmədov qeyd edib ki, Azərbaycanda sənaye məhəllələri və parklar yaradılır. "Hazırda 5 sənaye məhəlləsi fəaliyyətdədir və onlara $2,5 mlrd. sərmayə qoyulub. Bu sənaye məhəllələrində həyata keçiriləcək layihələrə isə $1,1 mlrd. məbləğində sərmayə qoyulacaq", - deyə o əlavə edib.*
B.Rüstəmbəyov