Prezident İlham Əliyev iyunun 5-də Goranboy rayonunda Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov prezidentə yolun texniki göstəriciləri barədə məlumat verib. Bildirilib ki, uzunluğu 20 kilometr olan yolun hərəkət hissəsinin eni 6 metr təşkil edir. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolağından ibarətdir. Hərəkət zolağının eni isə 3 metrə bərabərdir.
Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun inşası prezident İ.Əliyevin 2017-ci ildə imzaladığı sərəncama əsasən aparılıb. Yolun yenidən qurulması işləri 2018-ci ilin may ayında yekunlaşıb.
Bu yol 15 min nəfər əhalinin yaşadığı 15 məntəqəni birləşdirir. Avtomobil yolunun tikintisi əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, eləcə də bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.*
N.Abbasova