Azərbaycan “Doing Business” reytinqində mövqeyini yaxşılaşdırmaq niyyətindədir. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu gün Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda deyib.
"Hazırda bir barel neftin qiyməti $80 olsa da, Azərbaycan iqtisadi islahatları davam etdirəcək. Bu, ölkə prezidentinin mövqeyidir. Biz bu il “Doing Business” hesabatında islahatçı ölkələr sırasına daxil olmaq niyyətindəyik”, - deyə o bildirib.
İcraçı direktorun sözlərinə görə, son bir ildə biznesə başlama, tikinti icazələri, kreditə çıxış, investorların qorunması və digər sahələrdə mühüm islahatlar həyata keçirilib.
"Bundan sonra iqtisadi islahatların əsas istiqamətləri rəqabət mühitinin daha da yaxşılaşdırılması, dövlət müəssisələrində korporativ standartların tətbiqinin gücləndirilməsi, vergi və gömrük islahatlarının davamlılığının təmin edilməsi, ortamüddətli xərclər çərçivəsi və nəticəəsaslı büdcə siyasətinə keçid, davamlı monetar siyasətin yeridilməsi kimi sahələri əhatə edəcək”, - deyə o qeyd edib.
V.Qasımlı 2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın bank sistemində müəyyən irəliləyişlərin olduğunu vurğulayıb. "Aktivlərin həcmi sabit qalıb, kredit portfelinin həcmində müəyyən artım (0,8% və ya 85 mln. manat) müşahidə olunur, kredit portfeli üzrə dollarlaşma 41,3%-dən 39,6%-ə enib, bankların xarici borcu 40% azalıb. Bundan başqa, yanvar-aprel aylarında banklar tərəfindən 313 mln. manat həcmində kapital inyeksiyası təmin edilib”, - deyə o əlavə edib.*
A.Əzizov