“Region Agro” MMC-nin yaradılmasına ümumi investisiyalar 30 mln. manat təşkil edib, bunun 6 mln. manatı dövlətin güzəştli kreditinin payına düşüb. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Goranboy rayonunda “Region Agropark”ın açılışında iştirak edib.
Goranboy rayonunda uzun müddət istifadəsiz qalmış və yararsız hala düşmüş 3,5 min hektar, Samux rayonunda isə 1,2 min hektar qış otlaq sahələri əkin dövriyyəsinə cəlb edilib.
İstehsal olunan məhsulların uzun müddət keyfiyyətli və itkisiz saxlanılması üçün hər birinin tutumu 3 min ton olan 18 min tonluq 6 taxıl anbarı kompleksi və saatda gücü 10 ton olan qurutma sistemi inşa olunub.
Amerika və Türkiyədən alınan avadanlıqlarla təchiz olunmuştaxıl anbarı kompleksi tam avtomatlaşdırılmış qaydada fəaliyyət göstərir. Kompleks məhsulu qəbul edir, təmizləyir və qurudaraq saxlanılması üçün anbarlara ötürür.
Aqroparkda işçilər, kənardan cəlb olunmuş mütəxəssis və qonaqlar üçün 72 yerlik ikimərtəbəli tam infrastruktura malik müasir yataqxana və ikimərtəbəli ofis binası tikilib. **
B.Rüstəmbəyov