Bu gün Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının Kızıl şəhərində keçirilən iclasında hərbi təyinatlı peyk rabitəsi sistemlərinin istifadəsinə dair hökumətlərarası sazişlər imzalanıb.
"Birlik ölkələrinin Silahlı Qüvvələrinin hərbi imkanlarının artırılması məqsədilə hərbi təyinatlı peyk rabitəsi sistemlərinin istifadəsinə və onların gələcəkdə təkmilləşdirilməsinə, eləcə də geoməkan informasiya mübadiləsi sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişlər imzalanıb”, - deyə iclasın yekunları üzrə yayılmış məlumatda bildirilir.
Qeyd olunur ki, hərbi təyinatlı birgə sistemlərin fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində müdafiə nazirləri MDB birləşmiş hava hücumundan müdafiə sisteminin, birgə rabitə sisteminin, vahid dövlət radiolokasiya tanıma sisteminin, silahlı qüvvələrin aviasiya uçuşlarının təhlükəsizlik sisteminin və digər sistemlərin gələcək inkişafına dair təklifləri gözdən keçiriblər.*