Avropa İttifaqı (Aİ) Azərbaycan regionlarının inkişafına 13 mln. avrodan çox vəsait ayıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Aİ-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.
“Aİ ölkənin sosial-iqtisadi baxımdan inkişafını gücləndirmək, Bakı ilədigər şəhər və rayonlar arasındakı fərqi azaltmaq üçün 13 mln. avrodan çox maliyyə yardımı ayıracaq. Dəstək göstəriləcək regionlardan biri də Lənkərandır”, - deyə məlumatda bildirilir.
Avropa Komissiyasının Şərq Qonşuluğunun direktoru Lorens Meredit Lənkərana səfər edib. “Lənkəran rayonunda adambaşına düşən gəlir və məhsul istehsalı, eləcə də adambaşına düşən sərmayənin səviyyəsi çox aşağıdır, ancaq bu rayon qiymətli bağçılıq təsərrüfatı məhsullarının istehsalında yüksək potensiala malikdir. Aİ-nin həyata keçirəcəyi proqramda rayonun meyvə-tərəvəz sahəsinin rəqabət qabiliyyətinin və əlavə dəyərinin davamlı surətdə gücləndirilməsi diqqət mərkəzində olacaq”, - deyə məlumatda qeyd olunur.
Aİ təşkilatın standartları və qabaqcıl təcrübəsinə uyğun regional planlaşdırma sistemini yaratmaq, yerli iqtisadi və icma əməkdaşlıq mərkəzlərinin müasir şəbəkəsini qurmaq, Lənkəranda meyvə-tərəvəz sahəsində sahibkarlıq və investisiya şəraitinin yaxşılaşdırılması üçünAzərbaycan hökuməti ilə çalışmaq niyyətindədir.
Kənd və regionların inkişafı sahəsində yeni yardım paketi Azərbaycan iqtisadiyyatının şaxələnməsi üzrə tədbirlər proqramının reallaşdırılması üçün bir sıra mühüm istiqamətlərdə Aİ və Azərbaycanın əməkdaşlığı gücləndirməyə hazır olduğunu bir daha təsdiq edir.*
B.Rüstəmbəyov