Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan baş nazirinin qondarma Dağlıq Qarabağ rejimininmünaqişənin həlli üzrə danışıqlarda iştirakı ilə bağlı verdiyi açıqlamaları qeyri-konstruktiv hesab edir.
“Ermənistan rəhbərliyi tərəfindən verilən bu kimi açıqlamaları münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa və işğala əsaslanan status-kvonu saxlamağa yönəlmiş qeyri-konstruktiv addım kimi qiymətləndiririk”, - deyə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan baş nazirinin fikirlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və işğalın davam etməsi bilavasitə münaqişə tərəfi kimi Ermənistanın beynəlxalq hüquqi məsuliyyətini müəyyən edir: "Ermənistan rəhbərliyini əldə edilmiş razılaşmaların kağız üzərində qalması narahat edirsə, onda BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməlidir. Bu qətnamələrdə işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur”.
XİN rəsmisinin sözlərinə görə, danışıqlar prosesi ilə əlaqədar Azərbaycan tərəfi öz mövqeyini açıq və birmənalı şəkildə dəfələrlə ifadə edib.
“Ermənistan tərəfi anlamalıdır ki, işğalçı və təcavüzkar ölkə olan Ermənistanla 25 ildən artıq danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir", - deyə H.Hacıyev əlavə edib.*
B.Rüstəmbəyov