“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Yunanıstanın paytaxtı Afinada nümayəndəliyi fəaliyyət göstərəcək. Bu barədə QSC-dən məlumat verilir.
“Yunanıstanda nümayəndəliyin açılması QSC-nin xarici sularda fəaliyyətinin daha da genişlənməsi və möhkəmləndirilməsinə yönəlib. Çünki Afina vacib dəniz nəqliyyatı arteriyaları üzərində yerləşir. Bütövlükdə, AXDG-nin xaricdə fəal fəaliyyəti dənizçilərin beynəlxalq sularda üzmə imkanlarını da artırır”, - məlumatda deyilir.
Hazırda Xəzərdənkənar hövzələrdə - Azov, Qara, Aralıq dənizlərində 13 gəmi üzür. Onların 11-i quru yük gəmisi, 2-si tankerdir.O cümlədən, xarici sularda üzən həmin gəmilərin daha səmərəli istismarını isə Gəmiçilik tərəfindən Türkiyədə təsis edilən “Caspdry” və “Casptankers” şirkətləri həyata keçirir.
“Bütün bunlar onu deməyə imkan verir ki, artıq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi xarici bazarlarda öz mövqeyini xeyli möhkəmləndirib. İndi “AXDG” QSC beynəlxalq sularda quru və maye yük daşımalarında lider şirkətlərdən birinə çevrilməyi qarşısına məqsəd qoyub”, - məlumatda qeyd olunur.
Mərasimdə çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev qeyd edib ki, Dəniz Nəqliyyat Donanmasının tərkibində 52, Xəzər Dəniz Neft Donanmasının tərkibində isə 212 müxtəlif təyinatlı gəmi istismar edilir. QSC-nin əməkdaşlarının sayı 9 mindən artıqdır. **
N.Abbasova