Azərbaycanın gömrük orqanları Türkiyədən 130,02 qram zərgərlik məmulatının ölkəyə keçirilməsinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və vətəndaşın üzərində bəyan olunmayan zərgərlik məmulatları aşkar olunub”, - məlumatda deyilir.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 130,02 qram olan 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır. Onların içərisində 3 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd kulon, 1 ədəd qolbaq, 2 ədəd boyunbağı, şalvarının iç tərəfində isə xüsusi düzəldilmiş cibdə 2 ədəd üzük, 1 ədəd sırğa-üzük dəsti, 1 cüt sırğa, 6 ədəd qolbaq, 1 dəst sırğa-üzük-kulon aşkar edilib. **
N.Abbasova