Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənən 24 nəfərdən 4-ü BakıdakıKliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib və onların vəziyyəti orta ağırdır. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Səfayə Əhmədova məlumat verib.
«Zərərçəkənlərdən 4-ü Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib və onların vəziyyəti orta ağır olaraq qiymətləndirilir”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
S.Əhmədovanın sözlərinə görə, daha 2 nəfər evə buraxılıb.
«Qalan 18 nəfərin Saatlı Rayon Mərkəzi Xəstəxanasında müalicəsi davam edir», - deyə mətbuat xidmətinin nümayəndəsi qeyd edib.
Zəhərlənmə faktı ilə bağlı təhqiqat aparılır.*
F.İsazadə