Saatlı rayonunda pambıq tarlasında 24 nəfərin zəhərlənməsi faktı ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Baş Prokurorluqdan məlumat verilib.
“Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetriməməsi, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin nümunələri tarladan və anbardan müvafiq qaydada maddi sübut kimi götürülüb, iş üzrə məhkəmə-tibbi, məhkəmə-kimyəvi və digər ekspertizalar təyin edilib”, - deyə məlumatda bildirilir.
Prezident İlham Əliyevin tapşırığına əsasən, zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülüb, zəhərlənmənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilib.
Faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.*