Azərbaycan Müdafiə Nazirliyi Belarusdan əməliyyat-taktiki raket kompleksi olan “Polonez”lərin alınmasını təsdiq edib.
“Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən, ölkəmizə gətirilən 301 mm-lik “Polonez”lər Ordumuzun silahlanmasına daxil edilib”, - deyə nazirliyin məlumatında bildirilir.
Prezident İlham Əliyev iyunun 11-də Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Dövlət başçısına “Polonez” barədə məlumat verilib.
Rusiyanın “Kommersant” qəzetinin Belarus Müdafiə Nazirliyinə yaxın mənbəyə istinadən verdiyi məlumata görə, Bakı 2018-ci ildə Minskdən “Polonez”lərin alınmasına başlaya bilər.
İlk müqaviləyə əsasən, sifarişçiyə 10 kompleks (raketlər, nəqliyyat-doldurucu maşınlar, idarəetmə məntəqəsi, radiolokasiya stansiyaları və s. daxildir) göndəriləcək.*
A.Əzizov