Yaxın günlərdə Gürcüstan hökumətində mühüm dəyişikliklər ola bilər. Bu barədə yerli radio məlumat verir.
Gürcüstanın "Pervoe radio"sunun məlumatına görə, baş nazir Georgi Kvirikaşvili tutduğu vəzifədən gedəcək. Onunla birlikdə ədliyyə naziri Teya Tsulukiani, iqtisadiyyat naziri Dimitriy Kumsişvili, xarici işlər naziri Mixail Canelidze və mədəniyyət naziri Mixail Giorqadze də istefaya gedəcəklər.
Bildirilir ki, yeni hökumətin tərkibi təsdiq edilənədək baş nazirin vəzifələrini müvəqqəti olaraq daxili işlər naziri və baş nazirin birinci müavini Georgi Qaxariya icra edəcək.
"Bu məlumat rəsmi şəkildə təsdiqlənməsə də, hakim "Qruzinskaya meçta" partiyasının kuluarlarında hökumətdə gözlənilən dəyişikliklərlə bağlı söhbətlər çoxdan gedir", - deyə "Pervoe radio"nun İnternet səhifəsində qeyd olunur.*