2018-ci ildə Azərbaycan ixracatçılarına təşviq üçün 1,7 mln. manat məbləğində vəsait ayrılıb, bu da onlara $23,2 mln. məbləğində qeyri-neft məhsullarının ixracını həyata keçirməyə imkan yaradıb. Bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
“2018-ci ilin əvvəlindən ixracın təşviqi mexanizminin tətbiqi nəticəsində azərbaycanlı sahibkarlara 1,745 mln. manat məbləğində vəsait qaytarılıb. Nəticədə, azərbaycanlı sahibkarlar 27 ölkəyə $23,2 mln. məbləğində qeyri-neft sektorunun məhsullarını ixrac ediblər”, - R.Məmmədov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya, Gürcüstan, Ukrayna, Belarus və MDB ölkələri azərbaycanlı sahibkarlar üçün ənənəvi, Kanada, İsveçrə, Çexiya, Cənubi Koreya isə yeni bazarlardır.
“İxracın 33%-i təzə xurma və nar, 26%-i spirtli içkilər, təxminən 25%-i konservlər və mürəbbələrin payına düşüb”, - R.Məmmədov qeyd edib.
O vurğulayıb ki, 2018-ci ildə Azərbaycan xaricdə 4 sərgidə vahid stend ilə iştirak edib. “Həmin sərgilər çərçivəsində $2,3 mln. məbləğində Azərbaycan məhsullarının ixracına dair müqavilələr imzalanıb”, - R.Məmmədov bəyan edib. **
F.İsazadə