Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi iyunun 22-də keçiriləcək iclasda 2018-ci il dövlət büdcəsinə dəyişiklikləri müzakirə edəcək.
"Komitə iyunun 22-də keçiriləcək iclasda dövlət büdcəsinə dəyişikliklər layihəsini nəzərdən keçirəcək. Sənədə iyunun 29-da parlamentin plenar iclasında baxılacaq", - deyə parlamentdəki mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, dəyişikliklər dövlət büdcəsinin gəlirlərinin 1 mlrd. 983 mln. manat və ya 9,9% - 22 mlrd. 110 mln. manatadək artırılmasını nəzərdə tutur. Xərclər isə 2 mlrd. 14 mln. manat və ya 9,6% - 23 mlrd. 61 mln. manatadək artırılacaq.
Dövlət büdcəsinin kəsiri 961 mln. manat və ya ÜDM-nin 1,3%-ni təşkil edəcək.
Bundan başqa, dövlət büdcəsində neftin baza qiymətinin 45 ABŞ dollarından 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur.*
A.Əzizov