Trans-Anadolu qaz kəməri (TANAP) Avropa və Türkiyənin enerji təhlükəsizliyinə töhfə verəcək. “Anadolu” agentliyinin məlumatına görə, bunu Ankarada jurnalistlərə ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk deyib.
"ABŞ-ın birbaşa sərmayəsi və ticarət üstünlüyü olmasa da, mənbələrin şaxələndirilməsi və enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə Vaşinqton TANAP-ı dəstəkləyir”, - deyə o bildirib.
S.Oudkirk xatırladıb ki, TANAP Cənub Qaz Dəhlizi layihəsinin böyük bir hissəsidir. TANAP, həmçinin regional enerji bazarları üçün də əhəmiyyətli layihədir.
"Azərbaycan qazını Avropa bazarlarına daşıyacaq TANAP enerji resurslarının tədarükünü şaxələndirməyə imkan verəcək. Bu layihə Azərbaycan qazını alacaq ölkələr üçün şaxələndirilmə, eləcə də ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfə deməkdir", - deyə müavin qeyd edib.*
A.Əzizov