2018-ci ilin yanvar-may aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 13,7 mlrd. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 6,9 mlrd. manat (2017-ci ilin yanvar-may ayları ilə müqayisədə artım 1,8%), qeyri-ərzaq mallarının alınmasına 6,8 mlrd. manat (artım 3%) sərf olunub.
Cari ilin yanvar-may aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,2%-i ərzaq məhsullarının, 4,9%-i içki və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,8%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Ticarət şəbəkəsində bir ölkə sakini yanvar-may aylarında 140,1 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 139,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.*
A.Əzizov