2018-ci ilin yanvar-may aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 19,2 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,6% artıb, neft sektorunda isə 0,3% azalıb.
Yanvar-may aylarında məhsulun 73,2%-i mədənçıxarma bölməsində, 22%-i emal bölməsində, 4,2%-i elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Emal sektorunda qoşqu və yarımqoşu istehsalı 16,1 dəfə, tütün məmulatlarının istehsalı 2,6 dəfə, hazır metal məmulatlarının istehsalı 2 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,2 dəfə, mebel istehsalı 96,8%, elektrik avadanlıqlarının istehsalı 96,2%, dəri və dəri məmulatlarının istehsalı 95,6%, toxuculuq sənayesi məhsullarının istehsalı 61,4%, tikinti materiallarının istehsalı 40,4%, metallurgiya məmulatlarının istehsalı 18,4%, geyim istehsalı 11,4%, əczaçılıq məhsullarının istehsalı 3,7% artıb.
Hesabat dövründə qida məhsullarının istehsalı 5,1%, içkilərin istehsalı 4,5%, ağacın emalı və ağacdan məmulatların istehsalı 1,9% artıb, maşın və avadanlıqların istehsalı 9,9%, kompüter və elektron, optik məhsulların istehsalı 5,7%, kimya sənayesi məhsullarının istehsalı 0,8%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 21,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,3%, sair nəqliyyat vasitələrinin istehsalı 62,5% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,1% azalıb.
2017-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 39,6 mlrd. manat təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 3,4% azdır. **
A.Əzizov