Avqustun 30-da Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya səfər edəcək. Bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin deyib.
İ.Əliyev ilə görüş zamanı V.Putin bidirib ki, həmin səfər çərçivəsində liderlər ikitərəfli münasibətləri ətraflı müzakirə edəcəklər. “İkitərəfli münasibətlərimizə gəlincə, avqustun 30-da sizin Rusiyaya səfəriniz zamanı biz bununla dərin və əsaslı şəkildə məşğul olarıq. Bu zamana kimi həmkarlarımız işləməyə gecədəklər və səfərinizə hazırlıq görəcəklər”, - V.Putin bildirib.
O ümid edir ki, futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak üçün Moskvaya gələn Azərbaycan prezidenti vaxtını faydalı və maraqlı keçirəcək.
Eyni zamanda Rusiya prezidenti ikitərəfli əlaqələrin uğurla inkişafını qeyd edib. “Ötən il ərzində ticarət dövriyyəmiz 34,4%, cari ilin birinci rübündə daha 19% artıb, bu isə çox yaxşı tempdir, biz bunu dəstəkləməliyik”, - V.Putin vurğulayıb.
V.Putin siyasi əlaqələrə toxunaraq bu baxımdan hər şeyin stabil olduğunu bildirib. “Sizi görməyə çox şadam, xoş gəlmisiniz”, - Rusiya prezidenti qeyd edib.
İ.Əliyev öz növbəsində ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edib. “Avqustun sonunda Rusiyaya səfərə dəvətə görə minnətdaram. Bu gün də kifayət dərəcədə geniş olan gündəliyin cari məsələlərinə dair fikir mübadiləsi aparmaq üçün yaxşı imkan var”, - Azərbaycan prezidenti deyib.
Onun sözlərinə görə, iki prezidentin mütəmadi əlaqələri ikitərəfli əlaqələrin inkişafına böyük təkan verir. “Onlar daimi xarakter daşıyır, biz yaxşı nəticələr görürük. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir, biz etibarlı dost və tərəfdaş, strateji tərəfdaşıq”, - İ.Əliyev bəyan edib.
İqtisadi sahəyə toxunan Azərbaycan prezidenti müsbət dinamikanın olduğunu qeyd edib. “İqtisadi əməkdaşlığın genişləndirilməsinə dair planlar var. Biz “Şimal-Cənub” layihəsinin reallaşdırılmasının konkret nəticələrinin şahidi oluruq, Azərbaycan ərazisindən keçməklə Rusiyadan yükdaşımaların həcmi artır, bu da fəaliyyətimizin müsbət nəticəsidir”, - İ.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında humanitar sahədə münasibətlər nümunəvi xarakter daşıyır. **