Xəzərin hüquqi statusuna dair konvensiyanın mətni Xəzəryanı ölkələr tərəfindən razılaşdırılıb. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
"Konvensiyanın mətni artıq razılaşdırılıb. Hazırda onun imzalanması üçün dövlətdaxili prosedurlar həyata keçirilir", - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazir müavini konvensiyanın dövlət başçılarının sammitində imzalanacağına ümidvar olduğunu deyib.
Onun sözlərinə görə, Xəzəryanı ölkələr mübahisəli məqamları razılaşdırmaq üçün ikitərəfli görüşlər və məsləhətləşmələr keçirir.
"İkitərəfli danışıqların nə zaman başa çatacağını söyləmək çətindir. Bu iş Xəzərin hüquqi statusuna dair konvensiya ilə paralel olaraq aparılır və ondan asılı deyil. Bu, ayrıca danışıqlar formatıdır", - deyə X.Xələfov qeyd edib.*
F.İsazadə