2018-ci ilin I rübündə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $1 mlrd. 555,7 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $380,2 mln. təşkil edib. Beləliklə, cari ilin I rübündə profisit 4,1 dəfə artıb.
Tədiyə balansına əsasən, 2018-ci ilin yanvar-mart aylarında neft-qaz sektoru üzrə profisit $2,8 mlrd., qeyri-neft sektoru üzrə kəsir təxminən $1,3 mlrd. təşkil edib.
AMB-nin məlumatına görə, hesabat dövründə cari əməliyyatlar hesabına müsbət təsir edən amillər bunlar olub: xarici ticarət profisitinin 28% artımı, qeyri-neft ixracının 33,2% artımı, xidmətlər üzrə kəsirin 2,1 dəfə azalması və s.
2018-ci ilin I rübündə xarici ticarət dövriyyəsinin həcmi $6,8 mlrd. təşkil edib və Azərbaycan xarici ticarətdə $2,4 mlrd. məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 12%-i MDB, 88%-i uzaq xarici ölkələrin payına düşüb.
$4,6 mlrd. həcmində ixracın strukturunda Azərbaycanın mal ixracının ümumi həcminin 82,6%-i neft-qaz məhsullarının payına düşüb. Neft və neft məhsullarının ixrac həcmi $3,8 mlrd., neft ixracı $3,7 mlrd. təşkil edib.
$2,2 mlrd. həcmində idxalın strukturunda $925 mln. istehlak mallarının, o cümlədən $337 mln. ərzaq mallarının payına düşüb. I rübdə ölkəyə $201,1 mln. dəyərində avadanlıq və xüsusi mallar idxal edilib.
2017-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $1 mlrd. 684,5 mln. təşkil edib.
A.Əzizov