2018-ci ilin I rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşları $1 mlrd. 17,8 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2017-ci ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar $1,6 mlrd. təşkil edib. Beləliklə, hesabat rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 37,5% azalıb.
Birinci rüb ərzində tədiyə balansının məlumatına görə, bu dövrdə birbaşa xarici investisiyaların 81,6%-i neft-qaz sektorunun payına düşüb.
Yanvar-mart ayları ərzində qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $186,8 mln. (azalma 3,7%), xüsusi çəkisi 18,4% təşkil edib.
AMB-nin məlumatına görə, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycan şirkətləri xaricdə $562,3 mln. (artım 5,8%), o cümlədən neft-qaz sektoruna $204,4 mln. (azalma 54,9%), digər sektorlara $357,9 mln. (artım 4,6 dəfə) məbləğində birbaşa investisiya yatırıblar.
Azərbaycan Mərkəzi Bankı Beynəlxalq Valyuta Fondunun (BVF) tövsiyələri ilə 2013-cü ildən tədiyə balansının strukturunu dəyişib. Bununla əlaqədar tədiyə balansının strukturu xalis maliyyə aktivləri və öhdəliklərindən ibarətdir.
Ümumilikdə 2018-ci ilin birinci rübünün yekunları üzrə xalis maliyyə aktivləri $985,9 mln. (azalma 58%), öhdəliklər $523,2 mln. (azalma 80,3%) təşkil edib.
2017-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $5,7 mlrd. təşkil edib və 21,9% azalıb. **
A.Əzizov