Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov milli valyutanln devalvasiyası üçün fundamental səbəblərin olmadığını bir daha bəyan edib.
“Devalvasiyası üçün fundamental səbəblər yoxdur. Cari il neftin qiyməti ötən ildən 30% bahadır. Bu günə neftin orta qiymətinin bir barel üçün $70 səviyyəsində olması da Azərbaycanın valyuta ehtiyatlarının artımına şərait yaradır”, - E.Rüstəmov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2018-ci ilin əvvəlindən daxili valyuta bazarında tələbatın bir qədər artımı müşahidə olunur, lakin təklif yenə də tələbi üstələyir.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-may aylarında manat dollara nisbətən 0,01%, avroya nisbətən 2,35% möhkəmlənib. Eyni zamanda, cəmiyyətdə mütəmadi olaraq Azərbaycanda mümkün devalvasiya barədə fikirlər səslənir.
2015-ci ilin fevral və dekabr aylarında Azərbaycanda devalvasiya baş verib. 2016-cı ildə manat dollara nisbətən 13,6%, avroya nisbətən 19,5% ucuzlaşıb. Lakin, artıq 2017-ci ildə vəziyyət dəyişdi. Ötən il manat dollara nisbətən 4% bahalaşıb. **
B.Rüstəmbəyov