2018-ci ilin yanvar-may aylarında Azərbaycanda 2 min 81,7 kq qızıl hasil olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 19,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2018-ci ilin may ayında Azərbaycanda 323,5 kq qızıl hasil olunub.
Hasil edilən qızıl emala göndərilib.
2017-ci ildə Azərbaycanda 6 min 390,8 kq qızıl (2016-cı illə müqayisədə artım 3,4 dəfə) hasil olunub.
Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yataqlarından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı isə 2013-cü ilin III rübündən həyata keçirilir.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.**
A.Əzizov