2018-ci ilin yanvar-may aylarının yekunları üzrə Azərbaycanda ortaillik inflyasiya 3,2% təşkil edib. Azərbaycan Mərkəzi Bankı (AMB) payızda inflyasiya proqnozuna yenidən baxa bilər. Bunu bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün mətbuat konfransında deyib.
«2018-ci ilin 5 ayının yekunları üzrə ortaillik inflyasiya cəmi 3,2% təşkil edib. Bu, aşağı göstəricidir. Qeyd edim ki, qiymətlərdə müşahidə olunan azalma mövsümi xarakter daşıyır. Yay mövsümü başa çatdıqdan sonra müəyyən malların qiymətləri yenidən əvvəlki səviyyədə olacaq. Düşünürəm ki, biz cari ilin 9 ayının yekunları üzrə 2018-ci il üçün inflyasiya proqnozuna yenidən baxa biləcəyik», - deyə o bildirib.
E.Rüstəmov vurğulayıb ki, AMB-nin qarşısında duran əsas vəzifə inflyasiyanı birrəqəmli səviyyədə saxlamaqdır.
AMB 2018-ci il üçün ortaillik inflyasiyanı 6-8% səviyyəsində proqnozlaşdırıb.
2017-ci ildə Azərbaycanda ortaillik inflyasiya 12,9% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2018-ci il üçün inflyasiyanı 6,1% səviyyəsində proqnozlaşdırır.*
B.Rüstəmbəyov