ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın baş naziri, xarici işlər və müdafiə nazirləri ilə görüşlərin yekunları üzrə birgə bəyanat yayıblar. Bəyanatda yaxın zamanlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün planlaşdırıldığı qeyd olunur.
“Həmsədrlər və Ermənistan rəsmiləri prosesi irəli aparmaq istiqamətində növbəti addımları müzakirə ediblər. Xarici işlər nazirlərinin yaxın gələcəkdə keçiriləcək görüşü də müzakirə edilib. Tərəflər, həmçinin Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində son vəziyyət barədə fikir mübadiləsi aparıblar və konstruktiv mühitin qorunmasının vacibliyini vurğulayıblar”, - deyə bəyanatda bildirilir.
Həmsədrlər Helsinki Yekun Aktı, o cümlədən güctətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsipləri əsasında tərəflərə münaqişənin sülh yolu ilə həllinin tapılması istiqamətində köməklik göstərməyə sadiqliklərini təkrarlayıblar.
“Ermənistan rəsmiləri ATƏT-in Minsk qrupu və ATƏT sədrinin şəxsi nümayəndəsinin işini dəstəklədiklərini və həmsədrlərin himayəsi altında məhsuldar şəkildə işləməyə davam etməyə hazır olduqlarını vurğulayıblar”, - deyə bəyanatda vurğulanır.*