Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC və OPEC+ ölkələri nazirlərinin Vyana görüşündə iştirak edəcək. Bu barədə nazirlikdən məlumat verilir.
“Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun dəvəti ilə energetika naziri Pərviz Şahbazov 21-23 iyun tarixlərində Vyana şəhərində səfərdə olacaq. Nazir burada OPEC-in “Neft-Dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda keçiriləcək 7-ci beynəlxalq seminarında iştirak edəcək. P.Şahbazovun “Dünya iqtisadiyyatı üçün neftin gələcəyi” adlı beşinci sessiyada çıxışı nəzərdə tutulub”, - məlumatda deyilir.
Nazirlikdən birlidirblər ki, həmçinin P.Şahbazovun OPEC və OPEC+ ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 9-cu iclasında İştirakı planlaşdırılır. Bundan əlavə, nazir OPEC Nazirlər Şurasının 23 iyun tarixində Vyanada keçiriləcək 174-cü iclası çərçivəsində OPEC və OPEC+ ölkələrin nazirlərinin 4-cü iclasında iştirak edəcək.
“Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə aparılan məsləhətləşmələrdə ilk gündən iştirakını davam etdirir”, - məlumatda vurğulanır. **
N.Abbasova