2018-ci ilin I rübündə Azərbaycan vətəndaşları tərəfindən qeyri-rezidentlərə $264,1 mln. məbləğində nəqliyyat xidmətləri göstərilib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 27,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2018-ci ilin I rübünün tədiyə balansına dair məlumata əsasən, hesabat dövründə qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə $294,6 mln. məbləğində (artım 55%) nəqliyyat xidmətləri göstərilib.
Azərbaycanın qarşılıqlı xidmətlərinin bütün həcminin 20%-i nəqliyyat xidmətlərinin payına düşüb.
2018-ci ilin I rübündə qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə $1,2 mln. məbləğində tikinti xidmətləri göstərilib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 dəfə azdır.
“Yanvar-mart aylarında Azərbaycanın iqtisadi münasibətlərində qarşılıqlı xidmətlərin həcmi $2 mlrd. 811,9 mln. (azalma 6,7%) təşkil edib. Bunun $1 mlrd. 654,6 mln.-u (azalma 17,5%) qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə, daha $1 mlrd. 157,3 mln.-u (artım 15,7%) Azərbaycan şirkətləri və şəxslər tərəfindən qeyri-rezidentlərə göstərilib”, - deyə məlumatda bildirilir.
Beləliklə, hesabat dövründə xidmət kəsiri $497,3 mln. təşkil edib. Kəsirin 97%-i ($482 mln.) neft-qaz sektorunun payına düşüb.*
A.Əzizov