Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbçiləri və kursantları real vəziyyətdən asılı olaraq hərəkət etməyə çağırıb.
"Mən bunu yüksək vəzifəli şəxslərə (Müdafiə Nazirliyinin – İF) demişəm və sizə də deyirəm ki, döyüş meydanında real vəziyyətdən asılı olaraq hərəkət etmək lazımdır. Düşmənin niyyət və hərəkətlərini düzgün qiymətləndirməyi bacarın və mövcud vəziyyətə uyğun qərarlar qəbul edin", - deyə o, bu gün səhra məşğələlərində iştirak etmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları qarşısında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, hücum şəraitində vəziyyət tez dəyişir və "siz ona hazır olmalı, düzgün qərar qəbul etməlisiniz, çünki qarşıya qoyulmuş tapşırığın yerinə yetirilməsi sizdən asılıdır”.
"Vəziyyət sizin istədiyiniz kimi olmaya da bilər. Bu, normaldır. Buna görə siz vəziyyəti öz xeyrinizə dəyişməyə hazır olmalısınız”, - deyə Z.Həsənov vurğulayıb.*
F.İsazadə