Azərbaycan ordu quruculuğunda digər dövlətlərin, həmçinin Türkiyənin təcrübəsindən fəal istifadə edir. Bunu müdafiə naziri Zakir Həsənov deyib.
“Hərbi və hərbi-texniki sahədə xarici dövlətlərlə sıx əməkdaşlıq edirik, ordu quruculuğunda onların təcrübəsini tətbiq edirik. Bu istiqamətdə qonşu Türkiyənin təcrübəsindən geniş istifadə etmişik”, - Z.Həsənov bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının buraxılışına həsr olunmuş mərasimdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu dünyada ən güclü ordular sırasına daxildir.
“Savadlı və bacarıqlı zabitlərin olması ordumuzun gücünü daha da artırır. Prezident İlham Əliyev zabitlərin sosial təminatına xüsusi diqqət ayırır”, - nazir qeyd edib.
Z.Həsənov əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələri üzərinə düşən vəzifəni yerinə yetirir. “Aprel döyüşləri (2016-cı ildə Qarabağ münaqişəsi zonasında - İF) və Ermənistan tərəfindən 25 il öncə işğal olunan ərazilərin (Naxçıvanda - İF) bu yaxınlarda azad edilməsi bunun bariz nümunəsidir”, - nazir vurğulayıb. **
F.İsazadə