Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin təhlilini aparıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə komitədən məlumat verilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin bu sahədə həyata keçirdiyi tədbirlər nəticəsində respublika üzrə ümumilikdə 529 balıq gölü müəyyən edilib və onlar barəsində məlumat bankı yaradılıb. “Monitorinqlər nəticəsində mövcud torpaq qanunvericiliyi pozulmaqla yaradılmış 147 süni göl ləğv edilib. Nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb”, - deyə məlumatda bildirilir.
Hazırda Azərbaycanda 382 təbii və süni göl fəaliyyət göstərir. Bunlardan 33-ü təbii, 349-u isə süni balıq gölləridir. Süni balıq göllərinin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılıb.
Təyinatına uyğun olmayan torpaq sahələrində mövcud olan 188 hal barədə inzibati protokol tərtib edilərək 85 min manat cərimə yazılıb. 25 balıq gölünün fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib. Hazırda 45 gölün fəaliyyətinin araşdırmaları davam etdirilir.*
B.Rüstəmbəyov