Hərbi Prokurorluq tərəfindən Azərbaycan-İran sərhədində azərbaycanlı sərhədçinin yaralanması ilə nəticələnən atışma faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat verir.
“Hərbi Prokurorluq tərəfindən İranla sərhəddə pozucular ilə atışma faktı ilə bağlı cinayət işi başlanılıb”, - məlumatda deyilir.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar veriblər.
Həmçinin E.Quliyevin əmri ilə insident nəticəsində yaralanan əsgər R.Kurupov xidməti vəzifələrinin icrasında göstərdiyi şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.
Azərbaycan-İran sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları arasında silahlı insident baş verib. **
F.İsazadə