Qlobal neft bazarında, neft sənayesində yaranan yeni vəziyyət OPEC+ çərçivəsində əməkdaşlıq üçün yeni prioritetlərin müəyyənləşdirilməsini tələb edir. Energetika naziri Pərviz Şahbazov belə hesab edir.
“OPEC+ formatında əməkdaşlıq neftin qiymətinin sabitləşdirilməsi məsələsində məqsədə nail olub, lakin qlobal neft bazarında, neft sənayesində yaranan yeni vəziyyət bu əməkdaşlıq üçün yeni prioritetlər müəyyənləşdirir”, - deyə o, bu gün Vyanada OPEC-in “Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda keçirilən VII beynəlxalq seminarında çıxışı zamanı bildirib.
Nazir vurğulayıb ki, həm istehsalçı, həm də istehlakçı ölkələrin maraqlarına cavab verən bazarın formalaşması üçün ortaq həll yollarının tapılması yalnız əməkdaşlıq əsasında mümkündür. Dünyada iqtisadi artım templəri, neft-kimya sektorunun inkişafı, bərpa olunan enerji mənbələrinin hələlik nefti əvəz edə bilməməsi kimi faktorlar yaxın perspektivdə neftin enerji balansında aparıcı mövqeyini təmin edəcək.
Onun sözlərinə görə, bir sıra əsas neft ölkələrində geosiyasi səbəblərlə əlaqədar hasilatın kəskin azalması və bazara çıxışda gözlənilən məhdudiyyətlər, eləcə də son illərdə aşağı neft qiymətləri ilə əlaqədar transmilli şirkətlər üçün upstream sektorunun cəlbediciliyini itirməsi gələcəkdə qlobal tələbatın ödənilməsində çətinliklər vəd edir. “Enerji bazarının yenidən balanslaşması, neft sənayesinə gələcəkdə tələbata uyğun investisiyaların qoyulmasını təmin etmək OPEC+ formatında əməkdaşlığı vacib edir”, - deyə P.Şahbazov qeyd edib.*
N.Abbasova