Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla əməkdaşlığın bundan sonra da davam etdirilməsi üçün strateji istiqamətləri müəyyən edəcək. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan AİB nümayəndələri ilə görüşüb.
Görüşdə nazir ölkəmizin makroiqtisadi vəziyyəti, hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, bank sektorunun gücləndirilməsi tədbirləri, büdcə-vergi siyasəti və maliyyə intizamının daha da gücləndirilməsi, həyata keçirilən infrastruktur və investisiya layihələri, ölkədə işgüzar mühitin yaxşılaşdırılması və asanlaşdırılması, eləcə də digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
O, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələlərdə respublikanın AİB ilə əməkdaşlığa hazır olduğunu deyib.
AİB nümayəndələri Azərbaycana səfərdə məqsədlərinin bankın fəaliyyətinin səmərəliliyini daha da artırmaq üçün strateji istiqamətləri müəyyən etmək olduğunu diqqətə çatdırıblar.
"Görüş zamanı, həmçinin Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri, o cümlədən neft-qaz, avtomobil və dəmir yolları nəqliyyatı, energetika, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihələri, Kontrtsiklik Proqramının maliyyələşdirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda vurğulanır.*
A.Əzizov